Noyabrın 21-də Şahbuz Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyasının (YAP) Şahbuz rayon təşkilatının birgə təşkilatçılığı ilə partiyanın yaranmasının 33-cü ildönümünə həsr olunmuş “Güclü Azərbaycana doğru 33 illik yol” adlı tədbir
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edərək dahi rəhbərin xatirəsinə ehtiramlarını göstəriblər. Şahbuz Rayon Mədəniyyət Sarayında reallaşan tədbirin əvvəlində ümummilli ldier Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Proqram çərçivəsində rəsmi çıxışlar dinlənilib. Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxışında YAP-ın ölkənin siyasi sisteminin formalaşmasında, dövlətçiliyin möhkəmləndirilməsində və milli inkişaf strategiyasının həyata keçirilməsindəki misilsiz rolu barədə danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi üzərində qurulan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü, sabit və dayanıqlı inkişafına mühüm töhfə verir.
Daha sonra Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov çıxış edərək partiyanın dövlət idarəçiliyindəki strateji xəttinin ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyini qoruduğunu bildirib. O qeyd edib ki, Heydər Əliyev siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzu bu siyasətin bəhrəsidir. Məcid Seyidov çıxışında xüsusilə gənclər siyasətinə toxunaraq vurğulayıb ki, Heydər Əliyevin gənclərə olan diqqət və qayğısı bu gün də dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir gənclər siyasəti gənclərin təhsildə, idmanda, dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakına geniş imkanlar açır.
Çıxışların davamında YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov partiyanın 33 illik inkişaf yolundan bəhs edib, partiyanın regionda apardığı fəaliyyət istiqamətlərini diqqətə çatdırıb.
Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyasının fəal üzvlərinə diplom və hədiyyələr təqdim edilib. Mükafatlandırma mərasimində Rəfael Babayev, Məcid Seyidov və Rizvan Məmmədov fəal partiya üzvlərini təbrik ediblər.
Sonda tədbir iştirakçıları üçün konsert proqramı təqdim olunub.

